# title: Ümumdünya insan hüquqları bəyannaməsi

Baş Assambleyanın 1948-ci il 10 dekabr tarixli 217-ci A (III)
qətnaməsi ilə qəbul və bəyan edilib.

Preambula

Bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqətləri və onların bərabər və alınmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğunu nəzərə alaraq; və insan hüquqlarına laqeydliyin və həqarətin bəşəriyyətin vicdanını hiddətləndirən vəhşi əməllərə gətirib çıxardığını və insanların söz və əqidə azadlığına mane olacağı, qorxu və ehtiyaclardan azad olacağı bir dünyanın yaradılmasının insanların ən ali arzusu kimi bəyan edildiyini nəzərə alaraq; və insanın müstəbidliyə və zülmkarlığa qarşı sonuncu vasitə kimi qiyama əl atmağa məcbur qalmamasını təmin etmək məqsədilə insan hüquqlarının qanun hökmü ilə qorunmasının zəruri olduğunu nəzərə alaraq; və xalqlar arasında dostluq münasibətlərinin inkişafına yardım etməyin zəruri olduğunu nəzərə alaraq; və Birləşmiş Millətlər Təşkilatına daxil olan xalqların Nizamnamədə insanın əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərliliyinə, kişi və qadınların hüquq bərabərliyinə olan inamlarını təsdiq etdikləri və daha çox azadlıq şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərmək qərarına gəldiklərini nəzərə alaraq; və üzv ölkələrin, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq əsasında insan hüquqlarına və əsas azadlıqlara hamılıqlı hörmət və riayət edilməsinə yardım göstərməyi öz öhdələrinə götürdüklərini nəzərə alaraq; və bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin bu öhdəliklərin tam şəkildə yerinə yetirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Baş Assambleya bütün xalqların və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vəzifələr kimi hazırkı Ümumdünya Đnsan Hüquqları Bəyannaməsini bəyan edir; bu məqsədlə ki, hər bir insan və cəmiyyətin hər bir qurumu hazırkı Bəyannaməni daim nəzərdə tutaraq, bu hüquqlara və azadlıqlara, maarifçilik və təhsil yolu ilə, mütərəqqi milli və beynəlxalq tədbirlər yolu ilə, onların həm Təşkilata üzv olan dövlətlərin xalqları, həm də bu dövlətlərin yurisdiksiyası altında olan ərazilərin xalqları arasında hamılıqla və səmərəli şəkildə qəbul edilməsi və həyata keçirilməsi yolu ilə hörmət edilməsinə və onların təmin edilməsinə köməklik göstərməyə can atırlar.